Azərbaycanın Ermənistana və 44 günlük savaşdan sonra Qarabağ ərazisində gizlənən xunta rejiminə dialoq təklifinin limiti bitdi. Azərbaycanın sülh təklifinə hərbi təxribat, terrorla cavab verən ermənilərlə sentyabrın 19-da növbəti dəfə başa düşdükləri dildə danışıldı. Mina terroru nəticəsində 9 şəhid verən Azərbaycan antiterror əməliyyatına başladı. Bur gün davam edən əməliyyat separatçıların təslim olması və Bakının şərtlərini qəbul etməsi ilə yekunlaşdı.
Sentyabr əks-hücum əməliyyatının III ilinə bir həftə qalmış Azərbaycanın Qarabağda başladığı lokal əməliyyatın səbəbləri barədə “Həftə içi”nə danışan hərbi və siyasi ekspertlər məsələyə birmənalı yanaşdılar.
Milli Məclisin deputatı Mahir Abbaszadə bəyan edib ki, 44 günlük II Qarabağ müharibəsində Ermənistan kapitulyasiya aktına imza ataraq, qeyri-qanuni silahlı birləşmələrini ərazilərimizdən çıxarmalı idi. Məlum 10 Noyabr üçtərəfli Bəyannaməsinin IV bəndinin icra edilməsinə cavabdehlik daşıyan rus sülhməramlıları bu prosesi icra etməli idi. Lakin müharibədə əldə etdiyimiz qələbədən 3 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri nəinki Qarabağ bölgəsindən çıxarıldı, əksinə əlavə silah-sursatla təmin edildi. Azərbaycanın Qarabağ bölgəsində gediş-gəliş yolları minalandı və Ermənistan tərəfi bölgədə hərbi riski artırmaq üçün durmadan işlər apardı. Azərbaycan Qarabağda yaşayan erməni icmasının rəhbərlərinə, ermənilərə dəfələrlə müraciət edərək onları revanşist niyyətlərindən əl çəkib, danışıqlara dəvət etdi. Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün əlindən gələni etdi. Azərbaycan işğala məruz qoyulan tərəf olsa da, dəfələrlə bu istiqamətdə addımlar atıb. Təəssüflər olsun, Qarabağda yaşayan və fəaliyyət göstərən erməni xunta rəhbərliyi bu danışıqlara laqeydlik nümayiş etdirir, əvəzində erməni silahlı qüvvələrini sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətdilər. Bunun son nümunəsi Qarabağda diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində Füzuli-Şuşa yoluna minaların basdırılması və burada Azərbaycan Silahlı Qüvvələrinə aid olan insanların, eyni zamanda, Avtomobil Yolları Agentliyi işçilərinin minaya düşməsi, şəhid olmaları faktıdır.
M.Abbaszadə bildirib ki, Azərbaycan birtərəfli qaydada sülhü təmin edə bilməz və artıq Qarabağda lokal antiterror əməliyyatları başlamalı idi. Deputat bir daha bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir, bu ərazilərdə digər ölkənin silahlı birləşməsi olmamalıdır:
“Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatları bu ərazilərdə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin tərk-silah edilməsinə hesablanıb və Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları mülki şəxslərə qarşı yönəlməyib. Hərbi istehkamlar və hərbi obyektlər dağıdıldı. Qarabağ Azərbaycanın hüquqi ərazisidir, bütün ərazilərimizdə Azərbaycan qanunları işləməlidir”.
M.Abbaszadə, eyni zamanda, Qarabağ İqtisadi Rayonunun bütün ərazisində aparılan hərbi əməliyyatların Qarabağda, sərhədlərimizdə davamlı təhlükəsizliyin və sülhün əbədi olmasına hesablandığını qeyd edib. Bu əməliyyatlar nəticəsində bütövlükdə bu ərazilərdə Aərbaycan qanunlarının, Azərbaycan hakimiyyətinin, Azərbaycan Konstitusiyasının təmin edilməsinə nail ola biləcəyik.
M.Abbaszadə antiterror əməliyyatlarının Qarabağa, Qarabağ İqtisadi Rayonuna, Şərqi Zəngəzur İqtisadi Rayonuna köçürülən insanların təlükəsizliyini ən yüksək səviyyədə təmin edəcəyini əminliklə bildirib.
“Azərbaycan Dövləti antiteror əməliyyatları ilə torpaqları işğaldan azad etdikdən sonra, sürətli bərpa-quruculuq prosesi qarşısındakı təhlükəni aradan qaldırmış olacaq. Bu gün keçirilən antiterror əməliyyatlarının bərpa-quruculuğun həyata keçirilməsində iştirak edən şirkətlərin, işlə təmin olunan insanların bu ərazilərdə rahat, təhlükəsiz fəaliyyətini davam etdirmələri üçün mühüm əhəmiyyət daşıyır.
Bununla da Azərbaycan Dövləti Qarabağda, Şərqi Zəngəzurda quruculuq prosesində iştirak edən insanların, həmçinin qaçqın və məcburi köçkünlərin daimi ata-baba yurdlarına köçüb-yaşaması üçün təhlükəszlik tədbirlərinin həyata keçirilməsini təmin edəcək”.
Hərbi ekspert Şair Ramaldanov isə bildirib ki, son zamanlar istər şərti sərhədlərdə, istərsə də Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə vəziyyət gərginliyə doğru inkişaf edirdi. Atəşkəsin pozulması, təxribatların törədilməsi və son olaraq yol şirkəti işçilərinin qazıntı apardığı ərazilərdə mina terroruna məruz qalması antiterror əməliyyatının keçirilməsini zəruri etdi. Azərbaycanın çoxsaylı xəbərdarlıqlarına, prosesin sülh, danışıqlar yolu ilə həll edilməsi ilə bağlı təkliflərinə baxmayaraq, Ermənistan və havadarları qeyri-qanuni erməni silahlılarının tərk-silah edilməsini həyata keçirməməklə vəziyyəti gərginləşdirməklə Azərbaycan ərazisində irimiqyaslı əməliyyatların baş verməsinə şərait yaratdılar.
Ş.Ramaldanov bildirir ki, Azərbaycan öz ərazilərində gələcək təxribatların qarşısını almaq, erməni sakinlərini xunta girovluğundan azad etmək, üçtərəfli sazişin 4-cü bəndini yerinə yetirmək məqsədilə bu əməliyyatları həyata keçirməli idi və bu proses nəhayət başladı:“Bununla da Azərbaycan ərazisində təhlükə mənbəyini, terror yuvasını darmadağın edəcək. Yalnız bundan sonra reinteqrasiya prosesi başlayacaq və bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanacaq, Azərbaycan qanunları işləyəcək. Eləcə də azad olunan ərazilərdə erməni sakinlərinin təhlükəsizliyi təmin ediləcək. Kim yaşamaq istəməyəcək, onların ölkəni tərk etmələri təmin olunacaq. Azərbaycanda cinayətlər törətmiş şəxslər həbs olunub, cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
“Xankəndi terror yuvasından təmizlənməlidir. Faşizmi təmizləmək, ölkəyə demokratik islahatlar gətirmək lazımdır”. Bunu hafta.az-a hüquqşünas, siyasi ekspert Əli Mustafa 27 sentyabr tarixi ərəfəsində ermənilərin Xocavənddə törətdiyi terror nəticəsində Azərbaycanın 9 şəhid verməsi və bundan sonra antiterror əməliyyatlarına başlaması ilə bağlı bildirib.
Ekspert qeyd edib ki, sentyabr ayı dağlarda döyüşlərin aparılması üçün iqlimin ən münasib vaxtıdır: “Bu gün antiterror əməliyyatının aparılması zəruridir. Qarabağ terror yuvasına çevrilib. Biz Qarabağda erməni faşizmini təmizləməli, daxili qanaxmanın Azərbaycanda ciddi fəsadlar törətməsinə imkan verməməliyik. Qarabağ problemi qaldıqca biz ölkənin içərisində normal düzənimizi qura bilmir, əhalinin zəngin bir dövlətdə rahat yaşamaq istəklərini həyata keçirə bilmirik. Ordumuzun qalibiyyəti tam, bütöv olmalıdır”.
Ə.Mustafa, eyni zamanda, 3 il geriyə, 2020-ci il 27 sentyabr əks-hücum əməliyyatına diqqət çəkərək, onun beynəlxalq müstəvidəki əhəmiyyətini vurğulayıb:
“Qarabağın azad olunması üçün apardığımız əməliyyatlar regionda geosiyasi vəziyyəti dəyişdi. Bizimlə daim hədə-qorxu dilində danışan Ermənistan, artıq bu mövqeyini itirib və Rusiya ilə İran bu prosesdə önə çıxmalı olub. Regionda maraqları olan bu dövlətlərin qarşısına Türkiyənin çıxması, eləcə də İsrailin, Pakistanın dəstəyi bölgədə fərqli bir situasiya yaradıb. Azərbaycan əhəmiyyətli qələbə qazanmaqla beynəlxalq aləmdə mövqeyini dəyişib. Ölkənin beynəlxalq nüfuzu artıb və bizimlə hədə-qorxu dilində danışanlar bir qədər ritorikalarını dəyişiblər. Digər tərəfdən, regionda Azərbaycana qarşı gizli oynayan dövlətlər “kartlarını” açdılar. Bu, İranın buradakı şəbəkəsinin hədəflənməsini şərtləndirbi”.
Ə.Mustafa Azərbaycan diplomatiyasının, eləcə də Ordunun qorxmadan irəliləməsinin əsas bazasında 27 sentyabrda başlanan 44 gündə zəfərlə nəticələnən Vətən Müharibəsinin önəmli, mühüm rol oynadığını vurğulayıb.